SİYASƏT
Ceyhun Bayramov: İrandakı səfirliyimizə hücumla əlaqədar cinayət işi ilə bağlı istintaq hələ davam edir
Bakı, 5 iyun, AZƏRTAC
Bu ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror hadisəsinin araşdırılması ilə bağlı Azərbaycanın gözləntiləri var və biz bunu İran tərəfinə açıq şəkildə çatdırmışıq.
AZƏRTAC xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, cinayətin istintaqının tezliklə başa çatdırılması və günahkarların, bunu sifariş edənlərin məsuliyyətə cəlb olunmasını gözləyirlər. İran tərəfinin verdiyi məlumata görə, cinayət işi ilə bağlı istintaq hələ davam edir və ona görə də konkret nəticələr barədə danışmaq tezdir.
“Hesab edirik ki, bu hadisə iki ölkə arasında münasibətlərə çox mənfi təsir edən amildir. Eyni zamanda, Diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı İran tərəfindən bizə bir neçə dəfə müraciət daxil olub. Ancaq bu məsələlər bir-birindən asılıdır və Azərbaycan tərəfi tam əmin olmalıdır ki, cinayətkarlar, sifarişçilər məsuliyyətə cəlb ediləcək, sərt şəkildə cəzalandırılacaq. Azərbaycan tərəfinə bununla bağlı bütün zəmanətlər sözdə deyil, əməldə verilməlidir”, - deyə C.Bayramov diqqətə çatdırıb.