MƏDƏNİYYƏT


Ceyhun Hacıbəyliyə həsr olunan videoçarx hazırlanıb VİDEO

Ceyhun Hacıbəyliyə həsr olunan videoçarx hazırlanıb VİDEO

Bakı, 11 fevral, AZƏRTAC

Bu günlərdə mühacir ədəbiyyatımızın, tariximizin, publisistikamızın inkişafında və təbliğində müstəsna xidmətləri olan Ceyhun Hacıbəylinin anadan olmasının 132-ci ildönümü tamam oldu.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Hacıbəylilər nəslinin ən layiqli davamçılarından biri Ceyhun Hacıbəyli haqda videoçarx hazırlayıb.

Qeyd edək ki, 1891-ci il fevralın 3-də Şuşa şəhərində anadan olan Ceyhun bəy ilk təhsilini əvvəl Şuşada alıb, sonra Bakıda rus-tatar məktəbində davam etdirib. O, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulana qədər "Kaspi", "Baku", "İrşad", "Tərəqqi" və digər qəzetlərlə əməkdaşlıq edib, 1917-ci ildə "İttihad" qəzetinin redaktoru olub. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra isə dövlətin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru təyin edilib. 1919-cu ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransında iştirak edib. AXC işğal edildikdən sonra mühacirətdə fəaliyyət göstərib. Parisdə fransız mətbuatı ilə əməkdaşlıq edib. Bu nəşrlərdə əsasən sovet hökumətinin işğalçı siyasəti ilə bağlı məqalələr dərc etdirib. "İlk müsəlman Respublikası Azərbaycan", "Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)", "Azərbaycan mətbuat tarixi", "İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları" adlı elmi əsərlərin müəllifidir. Parisdə fransız dilində nəşr olunan "Qafqaz" və Münxendə Azərbaycan və rus dillərində çıxan "Azərbaycan" jurnallarının redaktoru olub. Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun qardaşıdır.

Ceyhun Hacıbəyli 22 oktyabr 1962-ci ildə Parisdə dünyasını dəyişib və Sen-Klu qəbiristanlığında dəfn edilib.

2015-ci il noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Mətbuat Şurası tərəfindən 2015-ci ildə Ceyhun Hacıbəyli haqqında "Durun gedək evimizə…" adlı sənədli film çəkilib. 2018-ci ildə Ceyhun Hacıbəyli və onun mühacirətdəki çətin həyatı haqqında yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun" pyesi Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda səhnəyə qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.