CƏMİYYƏT
Ceyhun Kazımov: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirləri ötən il də uğurla davam etdirilib
Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlər 2019-cu ildə də uğurla davam etdirilib.
AZƏRTAC xəbər verir ki, bunu yanvarın 15-də Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşı Ceyhun Kazımov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ilin yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.
C.Kazımov bildirib ki, ötən illərdə Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət planlarının icrasının dövlət orqanları tərəfindən yüksək səviyyədə yerinə yetirilib. Hazırda Azərbaycan Açıq Hökumət Platforması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya Açıq hökumətin təşviqinə dair yeni Milli Fəaliyyət Planının hazırlanması istiqamətində iş aparırlar.
Diqqətə çatdırılıb ki, korrupsiyanın qarşısının alınması sahəsində maarifləndirmənin rolunun artırılması məqsədilə “Azərbaycan Antikorrupsiya Akademiyası” layihəsi çərçivəsində dövlət qurumlarının əməkdaşlarına müxtəlif istiqamətlər üzrə çoxsaylı təlimlər keçirilir. Bu sahədə fəaliyyət ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir.
C.Kazımov korrupsiyaya qarşı həyata keçirilmiş mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN xidmət” və “DOST” mərkəzlərinin sayının və əhatə dairəsinin genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.