İQTİSADİYYAT


Ceyhun Məmmədov: Azad edilmiş torpaqlarda əkin işlərinin aparılması ərzaq təhlükəsizliyimizə töhfə olacaq

Bakı, 21 yanvar, AZƏRTAC

Ötən il dünya iqtisadiyyatı ciddi sınaqlarla və təlatümlərlə üz-üzə qaldı. Bu proses Azərbaycana da təsirsiz ötüşmədi. Bütövlükdə 2021-ci ildə ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunsa da, orta illik inflyasiya 6,7 faiz, o cümlədən ərzaq inflyasiyası 8,1 faiz, qeyri-ərzaq inflyasiyası 5,1 faiz təşkil etdi. Ümumilikdə inflyasiyanın illik səviyyəsi 12 faiz oldu.

Son illər qlobal istiləşmə və quraqlıq, tələblə təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmaya aparan əsas səbəblərdir. Müxtəlif beynəlxalq qurumlar tərəfindən səsləndirilən rəqəmlər bu fikri bir daha təsdiq edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib.

Deputat qeyd edib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Nəticədə dünyada ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ilə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri yüksəlib. 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli dərəcədə aktivləşib və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri daha da artıb. Bu səbəbdən qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur.

C.Məmmədov diqqətə çatdırıb ki, dünya bazarlarında taxılın qiymətində 2021-ci ilin dekabr ayında son iki ilə nəzərən 45 faizdən çox artım baş verib. Bu proses öz növbəsində ölkəmizdəki qiymətlərə də ciddi təsir edib. “Ötən il ərzaqlıq buğdanın dünyada kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə hökumət tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilib. Daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləği artırılıb, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsinin müddəti 2024-cü ilədək uzadılıb, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlər ayrılıb”, - deyə deputat bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, azad edilmiş torpaqların təxminən 100 min hektarında əkin işlərinin aparılması ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasını, kənd təsərrüfatı emalı üzrə fəaliyyət sahələrinin yaradılması bu sektorda artımı dəstəkləyəcək.

“Artıq haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni artırılması hallarında dövlət qurumları inzibati rıçaqlardan istifadə etməklə möhtəkirlik hallarının qarşısının alınması, istehlak bazarına antiinhisar nəzarətinin gücləndirilməsi barədə ciddi tapşırıq verilib. Aidiyyəti dövlət qurumlarına qısa müddət ərzində “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı barədə təkliflərini Hökumətə təqdim etmələri tapşırılıb”, – deyə Ceyhun Məmmədov əlavə edib.

Deputat vurğulayıb ki, iqtisadi sahədə görülən işlər Azərbaycan hökumətinin dünya iqtisadiyyatında baş verən təlatümlərin ölkəmizə mənfi təsirlərinin, inflyasiyanın, un və un məhsulları üzrə bahalaşmanın qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirdiyini nümayiş etdirir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.