ELM VƏ TƏHSİL
Ceyhun Məmmədov: Məqsədimiz dərin dini və dünyəvi biliklərə, yüksək intellektə malik kadrlar hazırlamaqdır
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov “Açıq mikrofon” layihəsi çərçivəsində tələbələrlə görüş keçirib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirildiyini vurğulayıb. O, Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun təsis edilməsini bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu bildirib.
Rektor vurğulayıb ki, güclü şəxsiyyət yetişdirmək üçün tələbələrə dərin bilik vermək, yüksək mədəniyyət aşılamaq institutun əsas məqsədlərindən biridir. O bildirib ki, vətənpərvər mütəxəssislərin hazırlanması istiqamətində dərin dini və dünyəvi biliklərə, yüksək intellektə malik kadrların yetişdirilməsi institutun qarşıya qoyduğu vəzifələrdəndir. C.Məmmədov qeyd edib ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Aİİ bütün gücünü və potensialını səfərbər edərək, göstərilən yüksək inam və etimadı doğrultmağa çalışır.
Rektor tələbələri dərslərdə fəallıq göstərməyə, dil biliklərinə yiyələnməyə, institutun ictimai həyatında yaxından iştirak etməyə səsləyib.
C.Məmmədov Aİİ-də dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradıldığını, təhsilin ödənişsiz əsaslarla keçirildiyini, ayrıca xarici dil kurslarının təşkil edildiyini, institutda tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi məqsədilə müxtəlif mövzularda seminar və görüşlərin təşkil olunduğunu vurğulayıb. O, yaxın zamanlarda tələbələrin pulsuz geyim və yeməklə təmin olunacaqlarını, dərslərdən əlavə, mübadilə proqramları vasitəsilə təhsillərini dünyanın tanınmış universitetlərində davam etdirə biləcəklərini və digər üstünlüklərə sahib olacaqlarını deyib.
İnstitutda qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün zəruri addımların atıldığını və bundan sonra da atılacağını bildirən rektor tələbələri dinin mahiyyətini və əsaslarını, milli adət-ənənələrimizi, böyük dövlətçilik irsimizi dərindən öyrənməyə çağırıb.
Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.