ELM VƏ TƏHSİL
Ceyhun Məmmədov müasir dövrdə Azərbaycanda din təhsilindən danışıb
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyinin və Tatarıstan Respublikası Müsəlmanları Ruhani İdarəsinin dəstəyi ilə Bolqar İslam Akademiyası və Sankt-Peterburq Dövlət Universitetinin təşkil etdikləri “Müasir təhsil sistemində islamşünaslıq və İslam ilahiyyatı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransın məqsədi ilahiyyat sahəsində mütəxəssislərin hazırlanması, Rusiya və digər ölkələrdə təhsil müəssisələrinin müasir şəraitdə dini və dünyəvi təhsil sahəsində təcrübə mübadiləsinin aparılmasıdır.
Aİİ-nin rektoru Ceyhun Məmmədov konfransda “Müasir dövrdə Azərbaycanda din təhsili: Azərbaycan İlahiyyat İnstitutunun nümunəsində” mövzusunda məruzə edib. İnstitut rəhbəri ölkəmizdə din təhsilinin tarixindən, Aİİ-nin fəaliyyətinin təşkili istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən ətraflı bəhs edib. Diqqətə çatdırıb ki, ali təhsil müəssisəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə yaradılıb.
Ceyhun Məmmədov bildirib ki, tədrisin təşkili istiqamətində Rusiya, Türkiyə, Orta Asiya respublikalarının, Avropa və ərəb ölkələrinin, həmçinin Amerika Birləşmiş Ştatlarının təcrübəsi öyrənilir, bütün bunlarla yanaşı, gələcəkdə institutda elmi tədqiqat mərkəzlərinin, rus, ingilis və ərəbdilli qrupların yaradılması, yəhudilik və xristianlıq üzrə mütəxəssislərin hazırlanması da nəzərdə tutulur. Beynəlxalq əlaqələrin qurulmasına xüsusi önəm verilir və bu məqsədlə Rusiya, Türkiyə, İndoneziya, Malayziya və Özbəkistan kimi ölkələrin müvafiq sahədə tanınmış ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurulub.
“Məqsədimiz institutda təhsil alanların öz sahələrinin peşəkarı olmaqla yanaşı, bütün dinlərə qarşı dözümlü və qərəzsiz olan ilahiyyatçı kadrlar hazırlamaq, milli-mənəvi dəyərləri qorumaqdır”, - deyə Ceyhun Məmmədov qeyd edib.
Xatırladaq ki, konfransda Rusiya ilə yanaşı, dünyanın bir çox ölkəsindən dinşünas və islamşünas alimlər iştirak ediblər.