REGİONLAR
Ceyms Holder: Naxçıvanda beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi burada tolerant mühitin formalaşdığını göstərir
Naxçıvan, 25 sentyabr, AZƏRTAC
İlk dəfədir ki, Naxçıvanda oluram. Havası təmiz, yeməkləri dadlı və ləzzətli, insanları qonaqpərvər, küçələri səliqə və sahmanlı olan bu gözəl şəhər məni özünə heyran etdi. Naxçıvana gəlməkdən, bu gözəl şəhərlə tanışlıqdan məmnunam.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi Ceyms Holder deyib.
Böyük britaniyalı diplomat qeyd edib ki, buradakı tarixi abidələr, yeni inşa olunmuş binalar Avropa standartları səviyyəsində qurulub: “Tam əminliklə deyə bilərəm ki, bu, Şərq və Qərb üslubunu özündə birləşdirən Naxçıvana gələn digər xarici qonaqların da diqqətini cəlb edir. “Avropa günləri” çərçivəsində keçirilən möhtəşəm tədbir isə Naxçıvan və naxçıvanlıları daha yaxından tanımaq, gələcəkdə muxtar respublika ilə əlaqələrimizi genişləndirmək, ikitərəfli münasibətləri daha da gücləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Belə beynəlxalq əhəmiyyətli tədbirin şəhərinizdə keçirilməsi bir də onu göstərir ki, Naxçıvanda, həqiqətən də, tolerant mühit formalaşıb və qədim diyarınızda multikultural dəyərlər yaşadılır və inkişaf etdirilir”.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş Avropa İttifaqı ölkələrinin diplomatik missiyalarının rəhbərləri və nümayəndələri sentyabrın 21-dən 23-dək Naxçıvanda keçirilən “Avropa günləri” çərçivəsində bu qədim diyarda səfərdə olublar.