SİYASƏT


Ceymstaun Fondu: Azərbaycanın azad olunmuş ərazilərindəki infrastruktur layihələrinə dost ölkələr və tərəfdaşlar cəlb olunacaq

Bakı, 29 aprel, AZƏRTAC

ABŞ-ın Ceymstaun Fondunun nəzdində fəaliyyət göstərən “Eurasia Daily Monitor” saytında politoloq Şəbnəm Həsənovanın “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində infrastruktur layihələrinə beynəlxalq cəlbolunma” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalə Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsi nəticəsində erməni işğalından azad edilmiş ərazilərdə bir sıra iri infrastruktur layihələrinin həyata keçiriləcəyini elan etməsi, bu işlərə dost ölkələrin və tərəfdaşların cəlb olunacağı fikri ilə başlayır. Qeyd edilib ki, bu istiqamətdə Azərbaycan özünün ən yaxın müttəfiqi olan Türkiyəyə və türk şirkətlərinə üstünlük verəcək.

Diqqətə çatdırılıb ki, İran da Qarabağda gedən yenidənqurma prosesində fəal iştirak etməyə hazırdır. Prezident Əliyev işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonası olacağını bəyan etdiyinə görə, İran və Azərbaycan Xudafərin və Qız Qalası hidroqovşaqlarının quraşdırılması üçün bərpaolunan enerji sahəsində də razılığa gəliblər.

Müəllif bildirir ki, İkinci Qarabağ müharibəsi dövründə İtaliyanın obyektiv və ədalətli mövqeyinə görə İtaliya-Azərbaycan münasibətləri daha da möhkəmlənib. Bu baxımdan İtaliyanın hökumət və sahibkarlıq subyektlərinin şəhərsalma, yenidənqurma, Qarabağın zəngin tarixi və memarlıq irsinin bərpası işlərinə cəlb edilməsi, bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları fəal şəkildə müzakirə olunur. İşğaldan azad edilmiş ərazilərdə ən vacib işlərdən biri enerji təchizatı infrastrukturunun yenidən qurulması və genişləndirilməsidir ki, bu istiqamətdə İtaliyanın “Ansaldo Energia” şirkəti ilə müqavilə imzalanıb.

Məqalədə qeyd olunur ki, Azərbaycan həm bölgə, həm də dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq siyasəti yürüdür. Bu baxımdan Macarıstan şirkətləri də Qarabağ bölgəsindəki yenidənqurma işlərində fəal iştirak etməyə hazırlaşır. Macarıstanın “EximBank”ı Azərbaycanın azad edilmiş ərazilərində reallaşdırılan layihələrdə iştirak edən macar şirkətlərinə 100 milyon dollar vəsait ayırıb. Eyni zamanda, rəsmi Budapeşt işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi əməliyyatları üçün vəsait nəzərdə tutub.

Qarabağda aparılan yenidənqurma işlərinə töhfə vermək istəyən digər ölkə isə Yaponiyadır. Həmçinin Rumıniya işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın bərpası prosesini yaxından izləyir.

ABŞ şirkətləri də azad edilmiş ərazilərdə xüsusilə su ehtiyatları, idarəetmə, yol infrastrukturu, rəqəmsal və qabaqcıl texnologiyalar sahələrində yenidənqurma işlərinə yardım etməkdə maraqlıdırlar.

Məqalədə Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın tanınmış fransız şirkətlərinin artıq Azərbaycanda fəaliyyət göstərdiyini vurğuladığı, onların Azərbaycanın azad edilmiş ərazilərində layihələr reallaşdırması üçün hər hansısa maneə görmədiyini bildirdiyi diqqətə çatdırılıb.

Müəllif vurğulayıb ki, dünya iqtisadiyyatının COVID-19 pandemiyasının yaratdığı tənəzzüldən çıxmağa çalışdığı bir vaxtda Azərbaycan dövləti təkcə işğaldan azad edilmiş bölgələri yenidən qurmağı və inkişaf etdirməyi deyil, eyni zamanda, Prezident Əliyevin birbaşa göstərişi ilə bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqini hədəfləyir. Bu istiqamətdə ilk “ağıllı kənd” layihəsinin təməli artıq qoyulub.

Bundan əlavə, qeyd olunur ki, regional nəqliyyat layihələri bölgənin uzunmüddətli inkişafında misilsiz rol oynayır, sabitliyi təmin edir və gələcəkdə baş verə biləcək müharibə riskini azaldır. Cənubi Qafqazda nəqliyyat infrastrukturunun yaxşılaşdırılması şübhəsiz ki, daha yüksək iqtisadi artıma kömək edəcək. Bu cür əməkdaşlıq formatları, həm Ermənistan, həm Azərbaycan xalqları, həm də bölgənin digər xalqları arasında daha sıx və müsbət əlaqələrin qurulmasına, regionda yaşayan bütün xalqların rifahına töhfə verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.