CƏMİYYƏT
Ceyranbatan qəsəbəsində hərbi təyinatı olmayan metal əşya aşkarlanıb
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da saat 16:16-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhərinin Ceyranbatan qəsəbəsində bir mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və şəhər polis idarəsinin əməkdaşları ərazidə yol kənarına baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd hərbi təyinatı olmayan metal əşya aşkarlanıb. Həmin sursat götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Metal əşyanın ətrafında 1000 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.