REGİONLAR
Ceyranbatanın istedadlı şagirdləri hesabat konserti ilə çıxış ediblər
Ceyranbatan, 18 iyun, AZƏRTAC
Abşeron rayonunun Ceyranbatan Uşaq İncəsənət Məktəbinin istedadlı şagirdləri 2016-2017-ci dərs ilinin yekunlarına həsr olunmuş hesabat konserti təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, hesabat konsertində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayon hüquq–mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Konsertdə məktəbin xor kollektivi R.Hacıyevin “Yaz gəldi” əsərini səsləndirib. Həmçinin beynəlxalq və respublika müsabiqələrinin laureatları, skripkaçılar ansamblının ifasında görkəmli bəstəkarların əsərləri ilə yanaşı, muğam və xalq mahnıları təqdim olunub.
Sonra məktəbin rəqs ansamblı Azərbaycan və dünya xalqlarının rəqslərini ifa edib.
Konsert məktəbin xor kollektivinin ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısının səslənməsi ilə başa çatıb.