CƏMİYYƏT
Cəza müddəti başa çatmaqda olanlardan bir qrupu peşə hazırlığına cəlb edilib
Bakı, 25 iyun, AZƏRTAC
Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olanların həmin müəssisələri tərk edəndən sonra əmək bazarına çıxış və məşğulluq imkanı qazanmaq üçün onların peşə hazırlığına cəlb olunması işləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyinin gördüyü birgə tədbirlər nəticəsində Bakının Xətai rayonundakı cəzaçəkmə müəssisəsində 32 nəfər üçün peşə hazırlığı kursları təşkil olunub. Onlardan yarısına avtomobillərin təmiri üzrə çilingər, yarısına isə tornaçı peşələri öyrədiləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin ötən dövründə penitensiar müəssisələrin peşə tədrisi bazalarında elektrik-qaz qaynaqçısı, dülgər xarrat, tornaçı, aşpaz köməkçisi və avtomobillərin təmiri üzrə çilingər peşələri üzrə ümumilikdə 8 kurs təşkil edilib. Həmin kurslara penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan 167 nəfər cəlb edilib. Kursları bitirəndən sonra onlara peşə şəhadətnamələri verilib.
Qeyd edək ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan insanların müvafiq qanunvericiliyə uyğun olaraq minimum əməkhaqqının 4 misli qədər birdəfəlik müavinət ödənilir. Bu ilin ilk rübündə bu təbəqədən olan 1636 nəfərin hər birinə 520 manat məbləğində birdəfəlik müavinət verilib.