SİYASƏT
Cəzaçəkmə müəssisələrində məhkumların səs vermələri üçün hər cür şərait yaradılıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi üzrə sentyabrın 26-da keçirilən referendumla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyindəki cəzaçəkmə müəssisələrində yaradılan seçki məntəqələrində səsvermə prosesi şəffaf və ədalətli qaydada keçirilib.
AZƏRTAC xəbər verir ki, məhkumlar Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında 14 dairə seçki komissiyası üzrə yaradılan 26 seçki məntəqəsində səs verib.
14 saylı Xəzər dairə seçki komissiyasının Penitensiar Xidmətin 2, 9, və 17 saylı cəzaçəkmə müəssisələrində, İxtisaslaşdırılmış müalicə müəssisəsində fəaliyyət göstərən 37, 38, 39, 41 saylı seçki məntəqələrində və 16 saylı cəzaçəkmə müəssisəsində 32 saylı Suraxanı üçüncü seçki dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə hüququ olan məhkumlar səs veriblər. Bu məntəqələrdə məhkumların səs vermələri üçün hər cür şərait yaradılıb.
39 saylı seçki məntəqəsinin məntəqə seçki komissiyasının sədri Sərdar Məmmədov jurnalistlərə bildirib ki, məhkumların səsvermələri üçün hər cür şərait var. Səsvermənin gedişində qanun pozuntusu qeydə alınmayıb. Səsvermə prosesinə müdaxilə halları baş verməyib. Məhbuslar ruh yüksəkliyi ilə səsvermədə iştirak edirlər.
Məhkumlar Mais Cəfərov, Məmmədov Rövşən, İlham Lətifov bildiriblər ki, səsvermə azad, demokratik şəraitdə keçir. Məhkumlara öz seçimlərini sərbəst şəkildə etmələri üçün hər cür şərait yaradılıb.
37 saylı seçki məntəqəsinin məntəqə seçki komissiyasının sədri Şahin Təhməzov isə qeyd edib ki, məntəqədə səsvermə prosesi saat 08:00-dan başlayıb və heç bir qayda pozuntusu qeydə alınmayıb. Məhkumlar mütəşəkkil qaydada səsvermədə iştirak edirlər. Səsvermə tam şəffaf keçir. Məhkumlar sərbəst şəkildə səs verir. Müəssisələrdə seçkilərlə bağlı lazımi maarifləndirmə işləri aparılıb.
KİV nümayəndələrinin olduqları cəzaçəkmə müəssisələrində heç bir qanun pozuntusu qeydə alınmayıb. Məhkumlar MSK-nın müəyyənləşdirdiyi formada hazırlanan xüsusi vəsiqələri təqdim edərək səs veriblər.