CƏMİYYƏT
Cəzaçəkmə müəssisələrində narkomanlığa qarşı mübarizə mövzusunda tədbir keçirilib
Bakı, 23 oktyabr, AZƏRTAC
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, oktyabrın 22-də 2 və 17 saylı cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin aparılması çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
İşçi Qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dövlət Komissiyası İşçi Qrupunun, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tərbiyə işinin təşkili idarəsinin və tibb baş idarəsinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat verilib.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış narkotik vasitələrin fəsadlarına dair əyani vəsaitlər, maarifləndirici bukletlər və xəbərdarlıq vərəqələri məhkumlar arasında paylanıb.