SİYASƏT
“China Daily”: Azərbaycan xalqı milli gününü qeyd edir
Pekin, 29 may, AZƏRTAC
Çinin ölkədə və xaricdə çoxsaylı oxucusu olan ingilisdilli “China Daily” qəzetində 28 May - Respublika Günü münasibətilə “Azərbaycan xalqı milli gününü qeyd edir” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, ümumilikdə 100 milyondan çox çap, onlayn, sosial şəbəkələr, mobil cihazlar üçün tətbiqlər üzrə abunəçisi olan “China Daily”də çıxan məqalədə müsəlman Şərqində ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik tarixindəki yerindən, həyata keçirdiyi islahatlardan və qazandığı uğurlardan söz açılıb. Qeyd olunub ki, qadınlara seçki hüququnun təmin olunması, onlarla gəncin dövlət hesabına dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilməsi, xarici ölkələrlə diplomatik əlaqələrin qurulması da bu uğurlar sırasındadır.
Ölkəmizin Çindəki səfirliyinin dəstəyi ilə hazırlanmış məqalədə XX əsrin sonlarında müstəqilliyini bərpa edən və Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının üzləşdiyi çətinliklərdən, o cümlədən qonşu Ermənistanın hərbi təcavüzü nəticəsində ərazisinin 20 faizinin işğal olunmasından, görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti ilə ölkənin çətinlikləri arxada qoyaraq inkişaf yoluna çıxmasından söz açılıb. Bildirilib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan hazırda sürətlə inkişaf edən və beynəlxalq arenada mövqeyini davamlı gücləndirən dövlətə çevrilib. Öz tolerantlıq ənənələri ilə seçilən Azərbaycan mədəniyyətlərarası dialoq və əməkdaşlıq üçün qlobal mərkəz kimi tanınır.
Məqalədə Azərbaycan-Çin əlaqələrindən söz açılaraq, tarixi İpək Yolu ilə xalqlarımız arasında əsası qoyulan münasibətlərin müasir dövrdə yüksək inkişaf dinamikasına malik olan, dostluq və qarşılıqlı etimada əsaslanan çoxşaxəli tərəfdaşlıq kimi xarakterizə olunduğu vurğulanıb. Ulu öndər Heydər Əliyevin Çinə 1994-cü ildə səfəri zamanı iki ölkə arasında ən yuxarı səviyyədə əsası qoyulan siyasi dialoq hazırda da uğurla davam etdirilir. Ötən il Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev Pekində 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirak edib.
Vurğulanıb ki, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edən iki ölkənin bir çox məsələlərdə mövqeləri üst-üstə düşür. Azərbaycan dialoq üzrə tərəfdaş statusu ilə Şanxay Əməkdaşlıq Təşkilatında fəal iştirak edir, bu platforma Azərbaycan ilə Çin arasında əməkdaşlıq üçün böyük imkanlar yaradıb.
“China Daily” ölkələrimizin iqtisadi-ticarət əlaqələrindən söz açaraq, ötən il ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 66,7 faiz çoxaldığını bildirib. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, Çin ilə Avropa arasında tranzit yüklərin daşınması üçün Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da daxil olmaqla iri nəqliyyat və infrastruktur layihələrini reallaşdırıb. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafında hökumətlərarası komissiyanın fəaliyyətinin rolunun vurğulandığı məqalədə Azərbaycanın Çində təşkil olunan böyük sərgilərdə, o cümlədən 2018-ci ildən Şanxayda keçirilən beynəlxalq idxal sərgisində fəal iştirak etdiyi bildirilib.
Məqalədə iki ölkənin humanitar-mədəni əlaqələrindən söz açılaraq, Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının faydalı əməkdaşlığının xalqlarımız arasında mədəni mübadilənin və dostluğun möhkəmlənməsində xüsusi rol oynadığı diqqətə çatdırılıb.
Azərbaycan ilə Çinin COVID-19 pandemiyası dövründəki əməkdaşlığına toxunan “China Daily” ÇXR Sədri Si Cinpinin Respublika Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubundan sitat gətirərək vurğulayır ki, ənənəvi dost olan ölkələrimiz müvəqqəti çətinlikləri dəf etmək üçün ikitərəfli münasibətlərdə yüksək səviyyə nümayiş etdirərək, bir-birinə yardım və dəstək göstərirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin