SİYASƏT


“China Daily”: Heydər Əliyev bütün ömrünü doğma Azərbaycana xidmətə həsr etmiş böyük şəxsiyyətdir VİDEO

Bakı, 11 may, AZƏRTAC

Çində və dünyada milyonlarla oxucusu olan nüfuzlu “China Daily” qəzeti görkəmli dövlət xadimi Heydər Əliyev haqqında məqalə yayıb.

AZƏRTAC-ın Çin Xalq Respublikasındakı xüsusi müxbiri Şahin Cəfərovun müəllifi olduğu məqalədə həyatını doğma Vətəninə xidmətə həsr edən Azərbaycan xalqının Ümummilli Liderinin siyasi fəaliyyətindən, onun həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərliyi zamanı respublikanın hərtərəfli tərəqqisi istiqamətində gördüyü misilsiz işlərdən söz açılıb. Bildirilib ki, Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Müasir Azərbaycanın qurucusu, çətin günlərdə xalqına ümid və inam verən güclü lider və siyasətçi Heydər Əliyev öz dövrünün əfsanəsi kimi xarakterizə edilib.

Məqalədə ulu öndər Heydər Əliyevin güclü, müstəqil Azərbaycan qurduğu, dövlətin tərəqqisi üçün köklü islahatlar həyata keçirdiyi, onun uzaqgörənliyi, praqmatik və balanslaşdırılmış xarici siyasəti nəticəsində Azərbaycana inkişaf və sabitlik gəldiyi bildirilib. Qeyd olunub ki, ölkədə siyasi sabitliyi təmin edən Heydər Əliyev iqtisadi müstəqilliyin əsasını qoyub, dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olaraq, xarici sərmayələrin ölkəyə axınına, istehsalın bərpasına, maliyyə vəziyyətinin, xalqın rifah halının yaxşılaşmasına şərait yaradıb.

Yazıda Ulu Öndərin azərbaycançılıq ideologiyasının milli dövlətçiliyin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdığı vurğulanıb.

Bildirilib ki, Azərbaycan xalqı həyatını ölkəsinin tərəqqisinə həsr edən böyük oğlu ilə fəxr edir, onun əziz xatirəsini daim əziz tutur.

Qeyd edək ki, çap, onlayn, sosial şəbəkələr, mobil cihazlar üçün tətbiqlər üzrə milyonlarla oxucusu olan “China Daily” təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxuculardan çoxdur. Qəzetin Çində buraxılan əsas nəşrinə paralel olaraq, ABŞ-da (Nyu-York), Avropada (London), Afrikada (Nayrobi) və Asiya ölkələri üçün Honkonqda ayrıca versiyaları dərc olunur.

AZƏRTAC-ın “China Daily” qəzeti ilə informasiya mübadiləsi, layihələrə qarşılıqlı dəstək də daxil olmaqla, sıx əməkdaşlıq əlaqələri mövcuddur. Agentliyin materiallarını öz kanalları ilə mütəmadi yayan qəzet ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar haqqında AZƏRTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.