İQTİSADİYYAT


“China Daily” qəzeti Azərbaycan təbii qazının Avropaya çatmasından yazır

Milyonlarla abunəçisi olan “China Daily” Azərbaycanın uğurları barədə AZƏRTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib

Pekin, 4 yanvar, AZƏRTAC

Nüfuzlu “China Daily” qəzeti Azərbaycan təbii qazının Trans-Adriatik qaz boru kəməri (TAP) vasitəsilə ilk dəfə Avropa bazarına nəql olunması barədə material yayıb.

AZƏRTAC-ın mövzuya dair təqdim etdiyi müvafiq xəbərlər əsasında hazırlanan yazıda Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan təbii qazın Cənub Qaz Dəhlizinin (CQD) sonuncu seqmenti olan TAP vasitəsilə təxminən 3500 kilometr qət edərək dekabrın 31-də Avropaya çatdığı bildirilib.

Qeyd olunub ki, Cənub Qaz Dəhlizi “Şahdəniz” yatağından başlayır və ilk dəfə olaraq Xəzərin enerji ehtiyatlarını birbaşa Avropa bazarlarına çatdırmaq üçün inşa olunub. Bu yataqdan CQD vasitəsilə regional və Avropa bazarlarına ildə 10 milyard kubmetr qaz ixracı planlaşdırılır.

Məqalədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin, “Şahdəniz”in operatoru olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun əlamətdar hadisə münasibətilə açıqlamalarına da yer verilib. Bildirilib ki, bu, tarixi bir hadisədir – Azərbaycanla Avropa indi birbaşa, təhlükəsiz və etibarlı enerji xətti ilə birləşib.

Qeyd edək ki, çap, onlayn, sosial şəbəkələr, mobil cihazlar üçün tətbiqlər üzrə milyonlarla abunəçisi olan “China Daily” qəzeti ilə AZƏRTAC-ın sıx əməkdaşlıq əlaqələri mövcuddur. Agentliyin materiallarını öz kanalları ilə mütəmadi yayan qəzet ötən müddətdə “Siyasətdə varislik: Azərbaycanın taleyini və simasını dəyişən 26 il”, “İlham Əliyev. Əli xalqın nəbzində olan islahatçı Prezident”, “Böyük çağırış və liderin xilaskarlıq missiyası”, “Mehriban Əliyevanın yorulmaz fəaliyyəti Azərbaycan xalqının dərin hörmət və məhəbbətini qazanıb” məqalələri də daxil olmaqla Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar haqqında AZƏRTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib.

Qəzet ilə sıx əməkdaşlığına, iki ölkə arasında informasiya mübadiləsindəki fəallığına, qəzetin həyata keçirdiyi layihələrdə fəal iştirakına görə AZƏRTAC-a “China Daily” tərəfindən “Fəxri beynəlxalq media tərəfdaşı-2019” mükafatı təqdim olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.