CƏMİYYƏT
Cibgirlik yolu ilə bir neçə şəxsin mobil telefonlarını və pullarını oğurlayan şəxslər yaxalanıblar
Bakı, 1 fevral, AZƏRTAC
Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə yanvarın 28-də və 29-da C.Naxçıvanski küçəsində Bakı şəhər sakini olan üç qadının çantalarından və ciblərindən mobil telefonlarının oğurlanması barədə müraciətlər daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş H.Hüseynov qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Yanvarın 31-də Abşeron Rayon Polis İdarəsinə müraciət edən Masazır qəsəbə sakini, qadın qəsəbədəki xətt marşrutlarının birində içərisində 222 manatı və sənədləri olan pulqabısının çantasından oğurlandığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş B.Ağamalıyev qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.