SİYASƏT
Cibutinin aparıcı KİV-lərində Azərbaycan səfirinin ölkələrimiz arasında əməkdaşlığa dair müsahibəsi dərc edilib
Əddis-Əbəbə, 9 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Cibuti Respublikasındakı səfiri Elman Abdullayevin bu ölkənin aparıcı media orqanlarında müsahibəsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, müsahibədə səfir E.Abdullayev ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edərək, perspektivlər haqqında ətraflı danışıb. Səfir hər iki ölkənin dövlət başçıları arasında mövcud olan dostluq və səmimi münasibətlərin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün geniş imkanlar yaratdığını qeyd edib, bir sıra sahələrdə, o cümlədən ticarət-iqtisadi, mülki aviasiya, dəniz nəqliyyatı kimi sahələrdə real nəticələrin əldə olunduğunu vurğulayıb.
Səfir Cibuti Parlamenti tərəfindən Xocalı soyqırımını qınayan qətnamənin qəbul edilməsini ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirərək, Cibuti dövlətinin bu prinsipial addımı üçün təşəkkür edib.
Elman Abdullayev ölkəmizdə aparılan məqsədyönlü və uğurlu islahatlar nəticəsində bütün sahələrdə ciddi nailiyyətlər əldə edildiyini bildirərək, bu təcrübənin Cibuti tərəfi ilə bölüşməyə hazır olduğumuzu diqqətə çatdırıb. Bundan başqa, səfir E.Abdullayev ölkəmiz tərəfindən Cibuti vətəndaşları üçün təhsil qrantlarının ayrılması və təlim proqramlarının təşkili ilə bağlı proqramın da uğurla icra olunduğunu qeyd edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə