CƏMİYYƏT


Cinayət işinin icraatına xitam verilməsi adı ilə vətəndaşın pulunu ələ keçirən şəxs həbs olunub

Bakı, 26 aprel, AZƏRTAC

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində mənimsəmə və digər cinayət faktlarına görə başlanmış cinayət işi üzrə keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılmış H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin direktoru Rüstəmova Mehriban Əsgər qızının həmin cinayət işinin icraatına ibtidai istintaq dövründə xitam verilməsinə kömək göstərəcəyi vədi ilə həmin məktəbin müəllimi Şükürov Sahib Famil oğlunun onun külli miqdarda pulunu ələ keçirməsi barədə müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq-əməliyyat tədbirləri ilə Sahib Şükürovun Mehriban Rüstəmovaya öz əlaqələrindən istifadə edərək həmin cinayət işi üzrə icraata xitam verilməsinə dair qərarın qəbul olunmasını təmin edəcəyi barədə yalan vədin verilməsi yolu ilə vəzifəli şəxsə təqdim olunması adı altında ayrı-ayrı vaxtlarda sonuncunun ümumilikdə 168 min manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə, eləcə də həmin hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

İş üzrə toplanmış sübutlar əsasında Sahib Şükürova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32,4 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.