CƏMİYYƏT


Cinayət işlərinə xitam verilməsi vədi ilə vətəndaşların pulunu ələ keçirən şəxs həbs olunub

Bakı, 28 aprel, AZƏRTAC

Barələrində prokurorluq və daxili işlər orqanlarında aparılan cinayət işlərinin icraatına xitam verilməsi adı ilə vətəndaşların yaxınlarından külli miqdarda pul alınmasına dair daxil olmuş məlumat əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılan istintaqla Cavanşirov Fəxrəddin Süleyman oğlunun Baş Prokurorluğun İstintaq idarəsində və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaqı aparılan ayrı-ayrı cinayət işləri üzrə icraata xitam verilməsi və seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsinə kömək göstərəcəyi barədə həmin işlər üzrə təqsirləndirilən şəxslərin yaxınlarına yalandan vəd verərək onlardan guya münasibəti olduğu səlahiyyətli vəzifəli şəxslərə vermək adı ilə ümumilikdə 165 min manat məbləğində pulu almasına, bu qanunsuz əməlləri ilə də vətəndaşları vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.

İş üzrə toplanmış ilkin sübutlarla Fəxrəddin Cavanşirova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4,312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.