MƏDƏNİYYƏT
“Cirque Eloize” sirki Bakıda çıxış edəcək
Bakı, 28 iyul, AZƏRTAC
“Cirque Eloize” sirki Bakıda “Cirkopolis” proqramı ilə çıxış edəcək.
Bakı Konqres Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, “Cirkopolis” proqramında sevgi hekayəti və inanılmaz tryuklar, dərin fəlsəfə və strit-dens, virtuoz jonqlyorluq elementləri cəmləşib. Artistlər plastika və musiqi dilini sirk etüdləri, gimnastika və balet elementləri ilə uzlaşdırırlar.
“Cirque Eloize” sirki 1993-cü ildə kanadalı artistlər Culi Hamelayn, Jano Peynço və Daniel Kir tərəfindən yaradılıb.
Bu gün müxtəlif festivallarda çıxış edən “Cirque Eloize” bütün stereotipləri və köhnəlmiş sirk ənənələrini aradan qaldırır, tamaşaçı sevgisi qazanır, planetimizin müxtəlif guşələrində çıxış etmək üçün dəvət olunur. Sirkin repertuarında 10-dan artıq orijinal tamaşa var.
“Cirque Eloize” sirkinin Bakıdakı çıxışı sentyabrın 22-23-də Bakı Konqres Mərkəzində olacaq.