ELM VƏ TƏHSİL
“Clarivate Analytics” silsilə onlayn seminarlar keçirəcək
Bakı, 15 aprel, AZƏRTAC
İyunun 15-dən 25-dək “Clarivate Analytics” tərəfindən elmi nəşrlərlə bağlı aktual məsələlərə həsr olunan növbəti silsilə onlayn seminarlara start veriləcək.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, seminarlarda məqalə və hesabatların hazırlanmasının müxtəlif mərhələlərində informasiya resurslarının funksiyaları, müxtəlif elm sahələri üzrə ən nüfuzlu və uyğun jurnalların axtarılıb tapılması, beynəlxalq elmi jurnallarda nəşrolunma prinsipləri və tələbləri, “yırtıcı” jurnallardan qorunmaq yolları, elmi təşkilatların akademik fəaliyyətini və effektivliyini qiymətləndirmək mexanizmləri və digər bu kimi vacib və aktual məsələlərə toxunulacaq.
Ətraflı məlumat və qeydiyyatdan keçmək üçün linkdən (https://clarivate.ru/webinars) istifadə etmək olar.
Bütün seminarlar ödənişsizdir, rus dilində aparılır və qeydiyyatdan keçmək məcburidir. Seminarlar bitdikdən bir ay sonra iştirakçılar sertifikatla təmin olunacaq.