ELM VƏ TƏHSİL
“Class Dojo” proqramı vasitəsilə şagirdlər daha obyektiv qiymətləndiriləcəklər
Bakı, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə “Class-Dojo” elektron sinif (şagird-müəllim-valideyn kommunikasiya üsulu)” layihəsinin təqdimatı ilə bağlı “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə təqdim olunan layihə Təhsil Nazirliyi tərəfindən elan edilən təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsinin qalibi seçilib.
Tədbirdə layihənin rəhbəri, 6 nömrəli məktəb-liseyin müəllimi Aidə Şirinova həyata keçirilən bu təşəbbüs barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, layihənin həyata keçirilməsinin məqsədi qabaqcıl ölkələrin təhsil sistemində uğurla tətbiq edilən “Class Dojo” proqramını ibtidai sinif müəllimləri arasında yaymaqdır. Əminəm ki, müəllimlər vaxta qənaət edən, şagirdləri daha obyektiv qiymətləndirərək həvəslərini artıran və valideynlə birbaşa əlaqə yaradan bu proqramdan faydalanıb yüksək nailiyyətlər əldə edəcəklər.
A.Şirinova bildirib ki, 2011-ci ildə dünyanın 30 ölkəsində minlərlə müəllim tərəfindən tətbiq edilən “Class Dojo” şagird-müəllim-valideyn kommunikasiya vasitəsi Amerikanın “NBC” kanalının “Təhsil sahəsində ən səmərəli proqram” nominasiyası üzrə 75 milyon dollar məbləğində mükafata layiq görülüb. Tətbiqi çox məsrəf tələb etməyən, asanlıqla həyata keçirilə bilən həmin proqram təəssüf ki, təhsil sistemimizdə geniş vüsət almayıb. Müəllimlərin əksəriyyəti şagirdlərdə dərsə həvəs yaradan, valideynlə birbaşa əlaqə yarada bilən bu sistemdən xəbərsizdir. “Mən əldə etdiyim bu təcrübəmi müəllimlərimizlə bölüşmək istəyirəm. Belə ki, onlara bu proqramı öyrətməklə yanaşı, müəllimlərin proqramı mənimsəmə və sinifdə tətbiqinə də nəzarət edərək qarşıya çıxan çətinliklərin qarşısını almağa çalışaram”,- deyə A.Şirinova vurğulayıb.
Sonda tədbir iştirakçılarının layihə ilə bağlı sualları cavablandırılıb.