DÜNYA


“Coca-Cola”nın müsəlmanları təbrik etmək təşəbbüsü Norveçdə narazılıqla qarşılanıb

Stokholm, 14 may, AZƏRTAC

Qazlaşdırılmış içkilər istehsalçısı “Coca-Cola” şirkətinin Norveç şöbəsi müqəddəs Ramazan ayının başlanması münasibətilə öz klassik içkisinin xüsusi seriyasının buraxıldığını elan edib və İslamın təcəssümü olan aypara rəmzini ilk dəfə öz loqotipinə əlavə edib.

AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, “Coca-Cola” şirkəti ənənəvi olaraq həm Norveçdə, həm də digər ölkələrdə öz içkilərinin Milad bayramına həsr olunmuş xüsusi seriyalarını buraxır. Bu il şirkət bildirib ki, Norveç müsəlmanları ilə birlikdə Ramazan bayramını qeyd etmək istərdi.

Şirkətin marketinq şöbəsinin rəhbəri İohanna Kosanoviç yerli jurnalistlərə müsahibəsində deyib: “Müsəlman ölkələrdə Ramazanı bayram etməyimizin uzun tarixi vardır. İndi biz Ramazanı ilk dəfə Norveç müsəlmanları ilə birlikdə bayram etmək istəyirik. Biz müxtəlifliyə tərəfdar olduğumuzu və bunun cəmiyyət üçün nə dərəcədə əhəmiyyətli olduğunu açıq şəkildə göstərmək istəyirik”.

Buna baxmayaraq, “Coca-Cola”nın bu qərarı miqrantlar əleyhinə çıxış edən radikal dairələrin təmsilçiləri tərəfindən narazılıqla qarşılanıb. Onlar sosial şəbəkələrdə müsəlmanlar əleyhinə şüarlarla çıxış edir, hətta “Coca-Cola”nın məhsullarını boykot etməyə çağırırlar. Bununla belə, liberal əhval-ruhiyyəli norveçlilər də tapılıb. Onlar əhalinin əksəriyyətinin xristian olduğu bir ölkədə “Coca-Cola”nın müxtəlifliyin dəstəklənməsinə yönələn addımını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, 5,2 milyon əhalisi olan Norveçdə sürətlə artan müsəlman icması yaşayır. Hazırda müsəlmanlar Norveç əhalisinin 5,7 faizini təşkil edir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.