REGİONLAR


Cocuq Mərcanlı kəndində sosial aksiya keçirilib

Bakı, 19 mart, AZƏRTAC

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin təşəbbüsü ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində sosial aksiya keçirilib. Novruz bayramı münasibətilə təşkil edilən aksiyada Səhmdar Cəmiyyətin əməkdaşları iştirak ediblər.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə, Horadiz şəhərində aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub, önünə əklil və gül dəstələri düzülüb. Əməkdaşlara aprel döyüşlərinin gedişatı, Azərbaycan Ordusunun möhtəşəm qələbəsi, Lələtəpə yüksəkliyinin strateji əhəmiyyəti haqqında ətraflı məlumat verilib.

Daha sonra Səhmdar Cəmiyyətin əməkdaşları Cocuq Mərcanlı kəndində sakinlərlə görüşüblər. Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov əhalinin kənddə rahat yaşaması üçün dövlət səviyyəsində həyata keçirilən işlərdən danışıb.

Səhmdar Cəmiyyətin departament müdiri Abbas Hacıyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş hərbi əməliyyat nəticəsində azad edilən kənd Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində abadlaşdırılıb, əhalinin rəvan həyatı təmin edilib. “Cocuq Mərcanlının yenidən bərpası Azərbaycan dövlətinin iqtisadi və hərbi qüdrətinin nəticəsidir. İşğal edilmiş torpaqlarımızın azadlıq rəmzinə çevrilmiş bu kənd yaxın gələcəkdə Şuşaya, Xankəndinə gedən əsas yolun başlanğıcı olacaq”,-deyə natiq qeyd edib.

Kənddə məskunlaşmış 50 ailəyə bayram sovqatları, kənd orta məktəbinə isə kompüter dəstləri hədiyyə olunub.

Əməkdaşlar işğaldan sonra yenidən tikilmiş kəndlə yaxından tanış olublar, “Şuşa” məscidinə baxış keçirilib. Təmas xəttində xidmət aparan Azərbaycan əsgərləri ilə görüş əməkdaşlar arasında xoş hislər yaradıb.

Daha sonra cəbhə xəttində yerləşən N saylı hərbi hissədə əsgərlərlə görüş keçirilib. Səhmdar Cəmiyyətin əməkdaşları əsgərlər qarşısında çıxış edərək onları düşmənə qarşı amansız olmağa çağırıblar. Bildirilib ki, düşmənlə təmas xəttində xidmət aparan əsgərlər arasında hərbi vətənpərvərlik əhval-ruhiyyəsi yüksək səviyyədədir.

Sonda Səhmdar Cəmiyyət adından hərbi hissəyə bayram sovqatları təqdim olunub, görüş Füzuli Dövlət Dram Teatrı tərəfindən hazırlanmış bayram konserti ilə başa çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.