REGİONLAR
Cocuq Mərcanlıda bir qrup sakinə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri verilib
Bakı, 25 noyabr, AZƏRTAC
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində partiya sıralarına qəbul olunan bir qrup sakinə Yeni Azərbaycan Partiyasının (YAP) üzvlük vəsiqələri təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev partiyanın yaranma tarixindən danışıb. Qeyd edib ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransı keçirilib və həmin gündən Yeni Azərbaycan Partiyası qısa müddətdə yerli təşkilatlarını yaratmaqla bütün ölkənin siyasi həyatını əhatə edib. 1993-cü ilin avqust ayında isə Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının təsis konfransı keçirilib.
Cocuq mərcanlılıların Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə olan rəğbətini, sevgisini xüsusi vurğulayan A.Fərzəliyev bildirib ki, bu gün partiya sıralarına qəbul olunan kənd sakinlərinə vəsiqələrin təqdim olunması YAP-ın yaranmasının 25 illik yubileyi ilə eyni vaxta təsadüf edir.
Sonra YAP sıralarına yeni qəbul olunmuş Oqtay Həziyevə, Sara Zeynalovaya, Baxşalı Bədəlova və digərlərinə üzvlük vəsiqələri təqdim olunub.
Çıxış edən Əmək ordenli Oqtay Həziyev kənd sakinləri adından onlara göstərilən yüksək etimada görə partiya rəhbərliyinə təşəkkürünü bildirib.
Cocuq Mərcanlı ərazi ilk partiya təşkilatının sədri Xanlar Zeynalov isə çıxışında YAP sıralarına yeni qəbul olunan üzvlərin etimadı doğruldacaqlarına əminliyini ifadə edib.