CƏMİYYƏT
Cocuq Mərcanlıda gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Cəbrayıl və Füzuli rayonlarından olan çağırışçı gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, çağırışçılar və onların valideynləri iştirak ediblər.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxışında hərbi xidmətə yola düşən gənclərə Vətən qarşısında müqəddəs vəzifələrini layiqincə yerinə yetirməyi arzulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik Rasim Şirinov çağırışçıların Cocuq Mərcanlı kəndindən həqiqi hərbi xidmətə yola salınmasının böyük əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, Cocuq Mərcanlının bərpası və sakinlərin geri qayıtması işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdışın ilk addımlarıdır.
Füzuli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qənimət Əliyev çağırışçıları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək onlara şərəfli xidmət arzulayıb.
“Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, müharibə veteranları, çağırışçılar və onların valideynləri çıxış edərək gənclərə hərbi xidmətdə uğur arzulayıblar.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı konsert proqramı ilə çıxış edib.
Sonra gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.