REGİONLAR
Cocuq Mərcanlıda pambıqçılara elmi-informasiya dəstəyi verilir
Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi - Kəndbəkənd
Bakı, 20 iyun, AZƏRTAC
Üç il əvvəl ordumuzun uğurlu hərbi əməliyyatı nəticəsində düşmən işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində sosial-iqtisadi inkişafın növbəti mərhələsi başlayıb. Əhalidə yeni təsərrüfat vərdişləri formalaşır, sakinlər arasında məşğulluq səviyyəsi yüksəlir. Ötən ildən kənd sakinləri örtülü sahədə tərəvəz və arıçılıq məhsullarının istehsalına başlayıblar. Bu ildən bəzi ailələr baramaçılıq təcrübəsinə də yiyələniblər.
Kənd üçün yeni məşğulluq sahələrindən biri də pambıqçılıqdır. Kəndin yerləşdiyi bölgənin əhalisi tarixən pambıqçılıqla məşğul olsa da, cocuq mərcanlılar bu sahənin incəliklərinə yiyələnə bilməyiblər. Çünki vaxtilə kənddəki pambıq sahələri ləğv edilərək üzüm plantasiyaları salınmış, bununla da “ağ qızıl”ın yetişdirilməsi ilə bağlı təsərrüfat vərdişləri itmişdi.
Ötən il kənd sakinləri gəlirli sahə kimi pambıq əkini aparmaq istəyəndə məlum oldu ki, bu texniki bitkini aqrotexniki qaydalara uyğun olaraq əkib-becərməyi bacaran kadr yoxdur. Məhz buna görə Aqrar Elm və İnnovasiya Mərkəzinin Beyləqan rayonunda yerləşən yerli mərkəzində xüsusi işçi qrupu yaradılaraq həftədə iki dəfə olmaqla kənd sakinlərinə təlimlər keçirildi, onlarda nəzəri və praktik biliklər formalaşdırıldı. Beləliklə, bu il ilk dəfə olaraq 6 hektarda pambıq əkini aparıldı.
Kənd sakini Oqtay Həziyev AZƏRTAC-a deyib ki, aqrotexniki qulluq və bitki mühafizə tədbirləri ilə bağlı maarifləndirici tədbirlər aqrar sahədə çalışanlar üçün xüsusi əhəmiyyətə malikdir: “Kəndin inkişafı üçün çuğundur, pambıq kimi bitkilərin əkini vacib idi, lakin nədən başlayacağımızı bilmirdik. Dövlət səviyyəsində kəndə göstərilən dəstəyin davamı olaraq Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin əməkdaşları bizə təmənnasız əməkdaşlıq təklif etdilər. İlk təcrübə olduğu üçün elmi məsləhət xidmətinə ehtiyacımız var idi. Mərkəzin əməkdaşları hər həftə sahələrimizə gələrək müşahidələr aparır, bizi aqrotexniki qulluq və bitki mühafizə tədbirləri barədə məlumatlandırır. Nəticə göz qabağındadır, yüksək məhsuldarlıq gözləyirik. İlk təcrübəmiz uğurlu alınsa, növbəti ildən pambıq sahələrini daha da genişləndirəcəyik”.
Mərkəz əməkdaşlarının iştirakı ilə sahələrə növbəti müşahidə prosesində biz də iştirak etdik. Ümumi qənaətə görə, uzun illərdir əkin dövriyyəsindən kənarda qalmış bu torpaqlar pambıqçılıq üçün əlverişlidir. Mütəxəssislərin tövsiyələrinə əsasən, sahədə səpin norması düzgün təyin olunub. İndiyədək dörd dəfə kultivasiya aparılıb, hər hektara 150 kiloqram azot, 200 kiloqram ammofos gübrəsinin verilməsi bitki çıxışını tam təmin edib, alaqlara qarşı səmərəli mübarizə aparılıb.
Kənd sakinləri ilə birgə həyata keçirilən tədbirlər öz bəhrəsini verdiyini qeyd edən Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Mirağa Kazımov deyib: “Sakinlərə məsləhət xidməti göstərməklə yanaşı, 3-ü xarici, 7-si yerli olmaqla 10 sortdan ibarət sınaq əkinləri də həyata keçirmişik. Məqsədimiz Cocuq Mərcanlı ərazisində məhsuldar, iqlimə uyğun sortları müəyyənləşdirmək və gələcəkdə əkinləri bu sortlar əsasında aparmaqdır. İstəyirik ki, Cocuq Mərcanlı aqrar inkişaf baxımından da irəli getsin. Havaların isti keçməsinə baxmayaraq, həftədə iki dəfə kənddə sahələri müşahidə edir, öz məsləhətlərimizi veririk. Təkcə pambıq əkinlərində deyil, taxıl və çuğundur sahələrində də vəziyyət qənaətbəxşdir. Sevinirik ki, kənd sakinləri ilə birgə aylardır çəkdiyimiz zəhmət boşa getməyib. Xahiş edirəm, yığım vaxtı bir də gəlib məhsuldarlığı öz gözlərinizlə görün”.
Mərkəzlə kənd sakinləri arasında qurulmuş ilk elmi əməkdaşlığın uğurlu alınacağı və bu ildən pambıqçılığın Cocuq Mərcanlının təsərrüfat həyatına daxil olacağı gözlənilir.