REGİONLAR


Cocuq Mərcanlını tərk etməyən Minarə nənə 23 ildir qonum-qonşularının yolunu gözləyir VİDEO

Cəbrayıl, 8 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Cocuq Mərcanlı Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. 1993-cü ilin oktyabrında Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan kənd bir il sonra yanvarın 5-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsi ilə birgə düşmən tapdağından azad edilib.

Minarə nənə o gündən bəri burada yaşayır. Bu ağbirçək qadının həyat yolu bir vətənpərvərlik örnəyi, yurda, torpağa bağlılığın göstəricisidir.

Ötən ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verərək hərb tariximizə daha bir şanlı səhifə yazdı. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Bu, Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirdi. İndi cocuq mərcanlılar doğma yurdlarına qayıdaraq rahatlıqla yenidən öz həyatlarını qura bilərlər. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncam hamı kimi, 80 yaşlı Minarə Hakiyevanı da sevindirib.

Qonum-qonşularının yolunu gözləyən Minarə nənə AZƏRTAC-ın müxbirinə müsahibəsində 23 ildir təhlükəli şəraitdə yaşamasına baxmayaraq, doğma kəndini heç vaxt tərk etmədiyini deyib. O, övladları ilə birgə burada məskən salıb, əkib-becərib, necə deyərlər, əlinin zəhməti ilə dolanıb. “Torpaq şirindir. Kəndimiz azad olunan kimi doğma torpağımıza qayıtdıq. Ev tikdik, burada məskunlaşdıq. Təhlükəyə baxmayaraq, 23 ildir buradayıq. Sağ olsun əsgərlərimiz, Lələtəpə yüksəkliyini işğaldan azad etdikdən sonra təhlükəsizliyimiz tam təmin olunub. Allah hamının işini avand eləsin, köçkünlərin hamısı qayıtsın yuvasına”, – deyə Minarə nənə bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.