ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutu Kür çayında yaranmış vəziyyətlə əlaqədar tədqiqatları davam etdirir
Bakı, 8 iyul, AZƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Kür çayında yaranmış vəziyyətlə əlaqədar tədqiqatları davam etdirir.
İnstitutun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya elmləri üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov şirin su çatışmazlığı ilə bağlı Kür, Araz çaylarında araşdırma aparıb.
Coğrafiyaşünas alim AZƏRTAC-a Kür çayının axdığı ərazilərdə apardığı tədqiqatların nəticələri barədə məlumat verib. O qeyd edib ki, son vaxtlar Kürdə, eləcə də Azərbaycanın bir çox çaylarında su səviyyəsinin qat-qat aşağı düşməsinin, bəzi yerlərdə isə vəziyyətin kəskin həddə çatdığının şahidi olub. Alim çayların ekosistemlər arasında dəhliz rolunu oynadığını, təbiəti zənginləşdirdiyini, insanların şirin suya tələbatının əsas təminatçısı olduğunu bildirib. O, çaylardakı tıxanmanın insan həyatına ziyan vurduğunu və ona görə də onlara ciddi münasibət bəslənilməsinin, qayğı ilə yanaşılmasının vacibliyini diqqətə çatdırıb: “Meşələrin qırılması, sudan israfçılıqla istifadə, Kür hövzəsindəki çayların qum-çınqıl karxanaları tərəfindən normadan artıq istismarı və digər antropogen amillər şirin su potensialı ilə istifadəçilər arasındakı ekoloji balansın pozulmasına səbəb olur”.
Mütəxəssis Arazın suyunun beş dəfə azalmasını və Kürün getdikcə Arazın yatağına meyilləndiyini təəssüflə qeyd edib. Diqqətə çatdırıb ki, gələcəkdə bu kimi problemlərin yaranmaması üçün Kür, Araz çaylarının keçdiyi qonşu dövlətlərin də “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Helsinki Konvensiyasına qoşulmaları müsbət rol oynaya bilər.