Coğrafiya İnstitutu Türkiyə universitetləri ilə əlaqələrini genişləndirir
AzerTAg.az

Bakı, 31 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani beynəlxalq əməkdaşlıq çərçivəsində Türkiyədə səfərdə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Türkiyənin ən nüfuzlu təhsil ocaqlarından biri olan Qazi Universitetinin Təhsil fakültəsinin dekanı professor Mahmut Selvi və Coğrafiya Təhsili Departamentinin professoru Salih Şahin ilə görüşən icraçı direktor bu iki müəssisə arasında elmi-pedaqoji əməkdaşlığın genişləndirilməsi sahəsində həmkarları ilə fikir mübadiləsi aparıb. O, özü ilə apardığı “Türk dünyasının coğrafiyası” kitabını fakültə rəhbərinə hədiyyə edib.
Professor Salih Şahin öz növbəsində Coğrafiya İnstitutunun kitabxanasına bağışladığı “Coğrafi təhsilin təməl oxları”, “Əhali həqiqətləri”, “Türkiyənin əhali və iqtisadi coğrafiyası” kitablarını Z.İmraniyə təqdim edib.
Görüş əsnasında Coğrafiya İnstitutu ilə Qazi Universitetinin Təhsil fakültəsi arasında memorandum imzalanması üçün şərtlər müzakirə edilib.
Xəbərin mətnində orfoqrafik səhv var