ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutuna “AzScienceNet” tərəfindən böyük həcmli yaddaş resursları təqdim olunub
Bakı, 23 yanvar, AZƏRTAC
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan Respublikası Fövqəladə Hallar Atlasının, müxtəlif məzmunlu coğrafi xəritələrin, Xəzər dənizində baş verən ekoloji dəyişikliklərin xəritələşdirilməsi və s. istiqamətlərdə işlər həyata keçirilir.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, bu işlərin həyata keçirilməsi zamanı aerokosmik informasiya (kosmik və aerofotoşəkil, pilotsuz uçan aparatlardan alınan təsvirlər və s.), ərazi, vektor və atributiv məlumatlardan geniş istifadə edilir. Qeyd olunan məlumatlardan istifadə nəticəsində yaranmış böyükhəcmli məlumatların saxlanılması zamanı məlumat itkisinin qarşısının alınması və məlumatların gələcək nəsillərə təhlükəsiz şəkildə ötürülməsi zərurəti yaranıb.
Bu məqsədlə İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” şəbəkəsi tərəfindən Coğrafiya İnstitutuna böyükhəcmli yaddaş resursları (Cloud Storage) təqdim olunub. İnstituta 5 terabayta qədər yaddaş resurslarının verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Cloud Storage” AMEA-nın institut və təşkilatları üçün nəzərdə tutulmuş ödənişsiz xidmətdir. Bu xidmət xüsusi əhəmiyyətə malik böyükhəcmli məlumatların təhlükəsiz saxlanılmasını təmin edir.