ELM VƏ TƏHSİL


Coğrafiya İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd edilib

Bakı, 19 yanvar, AZƏRTAC

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd edilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov Azərbaycan tarixində qara ləkə olan bu matəm gününü təkcə faciə kimi deyil, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq, əyilməzlik, mütiliyə, zorakılığa qarşı barışmazlıq nümunəsinin nümayişi kimi qiymətləndirib. O bildirib ki, sovet imperiyası hərbi qüvvələrinin Azərbaycana yeridilməsi xalqı qorxuda və onu əqidəsindən dönməyə məcbur edə bilmədi. Xalqımız həmin günlərdə çoxlu sayda şəhid versə də, igid oğul və qızlarımızın sarsılmaz iradəsi qırılmadı. Canını ölkəmizin bütövlüyü uğrunda qurban verən şəhidlərimizin ruhu indi şaddır. Ona görə ki, onların qanı nahaq axmayıb. Onların mübarizəsinin nəticəsidir ki, Vətənimiz indi murdar düşmən tapdağından azaddır.

Şəhidlərimizin qəhrəmanlıq nümunəsi ilə böyüyən Azərbaycan əsgərlərinin rəşadəti və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gücü, bacarığı, uzaqgörənliyi, qətiyyəti, düşünülmüş siyasəti, hərbi taktikası sayəsində torpaqlarımız işğaldan azad olundu. Azərbaycan dünya ölkələri arasında layiqli yerini tutdu və iqtisadiyyatını inkişaf etdirərək sürətlə irəliləməkdədir.

Həmkarlar təşkilatının sədri coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev çıxış edərək 20 Yanvar hadisələrinin başvermə səbəbləri, tarixi əhəmiyyəti və nəticələrindən söhbət açıb.

Coğrafi fikir tarixi şöbəsinin böyük elmi işçisi coğrafıya üzrə fəlsəfə doktoru Natiq Babayev bildirib ki, Azərbaycan televiziyasında işlədiyi vaxtlar özünün o qanlı gecənin canlı şahidi olduğunu bildirib.

Tədbir 20 Yanvarla bağlı Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin hazırladığı videofilmin nümayişi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.