ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutunda Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi qeyd olunub
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə yığıncaq keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov hazırda Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusu olduğunu deyib. O qeyd edib ki, fəaliyyət göstərən hərbi sənaye kompleksində minə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir, dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Azərbaycan Ordusu beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak edir.
Cögrafıya İnstitutu Həmkarlar İttifaqı Komitəsinin sədri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük xidmətlərindən birinin Silahlı Qüvvələrin yaradılması olduğunu bildirib.
“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev Milli Ordumuzun güvənc yerimiz, qürur mənbəyimiz olduğunu qeyd edib.
Professor Şikar Qasımov Azərbaycan Silahlı Qüvvələrinin yaranması, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə hökm sürən ictimai-siyasi vəziyyət, mürəkkəb siyasi dövrdə cərəyan edən tarixi hadisələr, azərbaycanlı hərbçi və əsgərlərin Böyük Vətən müharibəsində göstərdikləri şücaətlər, müasir ordumuzun indiki durumu, əldə etdiyi nailiyyətlər və s. haqqında məlumat verib.
Sonra Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhid Elxan Məmmədova ünvanlanmış “Vətən naminə” medalı şəhidin anası, Coğrafiya İnstitutunun əməkdaşı Gülşən Məmmədovaya təqdim edilib.