ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutunda beynəlxalq olimpiadaya hazırlıq layihəsinin yekun tədbiri
Bakı, 28 fevral, AZƏRTAC
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) birgə dəstəyi ilə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsinin qalibi “Şagirdlərin Beynəlxalq Coğrafiya Olimpiadasına (iGeo) hazırlığı” layihəsinin bağlanış tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə ACC-nin prezidenti və elmi müəssisənin direktoru, akademik Ramiz Məmmədov müvafiq fənnin tədrisinin, coğrafi biliklərin və informasiyanın əhəmiyyətindən, ölkə rəhbərliyinin coğrafiyaçılara verdiyi dəyərdən danışıb. O, Azərbaycan Coğrafiya Cəmiyyətinin olimpiadaya gedəcək şagirdlərin hazırlığına dəstək olduğunu bildirib.
Layihənin rəhbəri Yaşar Seyidəliyev iGeo barədə məlumat verib. Qeyd edib ki, olimpiada 1996-cı ildən Beynəlxalq Coğrafiya Birliyinin tərkibində fəaliyyət göstərir. Builki olimpiada - 17-ci iGeo İstanbulda keçiriləcək.
Azərbaycan coğrafiyaçılarının 2015-ci ildən iGeo ilə əməkdaşlıq etdiyini diqqətə çatdıran Y.Seyidəliyev komandanın builki yarışlara yaxşı hazırlaşdığını vurğulayıb.
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Səkinə Ağalarova, BDU-nun coğrafiya müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru Nərminə Seyfullayeva olimpiadaya hazırlaşan şagirdlərə dəstək olacaqlarını bildiriblər.
Tədbirdə layihəyə ikinci ev sahibliyi edən Fortis Group MMC-nin həyata keçirdiyi “Fortis Academy” proqramının direktoru Ramil Hacıyev müvafiq təqdimatla çıxış edib.
Sonda layihə müddətində keçirilmiş 3 imtahanın nəticələrinə görə qalib və iştirakçı şagirdlərə, eləcə də layihəyə dəstək verənlərə sertifikatlar təqdim olunub.