ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutunda müstəqillik illərinin iqtisadi-coğrafi və demoqrafik aspektləri tədqiq olunub
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda elmi seminar keçirilib.
Akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən tədbirdə institutun insan coğrafiyası istiqamətinin rəhbəri, coğrafiya elmləri doktoru Zakir Eminov “Müstəqillik illərinin əsas nailiyyətləri: iqtisadi-coğrafi və demoqrafik aspektlər” mövzusunda məruzə ilə çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəçi müstəqillik illərində iqtisadi islahatların istiqamətləri, qeyri-neft sektorunun inkişafının əsas nəticələri, demoqrafik vəziyyət, əhalinin miqrasiyası və sayının dəyişməsi və s. istiqamətlərdə tədqiqatlar aparıb, bir sıra nəticələr əldə edilib.
Qeyd olunub ki, sənayeləşmənin, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı nəticəsində qeyri-neft sənayesi beş faiz, kənd təsərrüfatı məhsulları istehsalı isə 2,6 faiz artıb. Ötən il ölkəmizdə yüz mindən çox daimi iş yeri açılıb, 485 məktəb təmir edilib, 29 yeni məktəb istifadəyə verilib, 41 xəstəxana tikilib və ya təmir olunub. Qəbul edilmiş proqramlara əsasən ilk mərhələdə doqquz müasir fabrik tikiləcək və minlərlə iş yeri yaradılacaq. Bundan əlavə bir neçə zavodun tikintisi nəzərdə tutulur. Hazırda Balaxanı Sənaye Parkının və Masallı şəhərində sənaye zonasının inkişafı üçün işlər aparılır.
Tədqiqatçı həmçinin əhalinin təbii artımının kənd və şəhərlər, iri və orta sənaye mərkəzləri üzrə təsnifatını verib, Azərbaycanın inzibati rayon və şəhərləri üzrə doğulan hər min körpəyə görə ölüm əmsallarının dəyişməsini göstərib.
Bildirilib ki, son 20-25 ildə respublikada sosial-iqtisadi dəyişikliklərin baş verməsi demoqrafik proseslərə öz təsirini göstərib, təbii artım göstəriciləri aşağı düşüb. Hazırda demoqrafik göstəricilərdə sabitləşmə müşahidə edilir.
Miqrasiya məsələlərinə toxunan alim qeyd edib ki, 1990-1995-ci illərdə Rusiyaya MDB və Baltikyanı ölkələrdən köç edənlər 39,9 faiz, Azərbaycandan bu ölkələrə miqrasiya edənlər isə 61,6 faiz təşkil edib. Son dövrlərdə isə ölkədən Rusiyaya gedənlərin sayı xeyli azalıb.