ELM VƏ TƏHSİL


Coğrafiya İnstitutunda palinoloji tədqiqatlar aparılır

Bakı, 8 sentyabr, AZƏRTAC

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan ərazisində qədim dövrlərin coğrafiyası tədqiq edilir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, coğrafiya üzrə elmlər doktoru Yelena Tağıyevanın rəhbərliyi altında Paleocoğrafiya şöbəsi Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə qədim insan düşərgələrinin paleoekoloji və paleocoğrafi şəraitinin bərpası istiqamətində tədqiqatlar aparır. Palinoloji və ya spor-tozcuq analizinin köməyi ilə alınan məlumatlar qədim və orta əsr insan paleoekologiyasının bir çox məsələlərinin həllində əsas rol oynayır. Alimin bildirdiyinə görə, palinoloji tədqiqatlar göstərir ki, iqlim dəyişməsi Azərbaycanın Qarabağ düzənliyində yaşamış Leylatəpə mədəniyyəti daşıyıcılarının həyat tərzinin və təsərrüfat fəaliyyətinin dəyişməsinə bilavasitə təsir edib. Düşərgələrin əsas çay arteriyalarına nisbətən yaxın yerləşməsində bu özünü daha aydın göstərir. Belə ki, rütubətli dövrlərdə düşərgələr təpəlik yerlərdə, quru dövrlərdə isə çayların bilavasitə yaxınlığında salınıb. Yaşayış evlərinin tikilməsi üsulları kərpic xammalından tutmuş yüngül konstruksiyaya qədər dəyişib. Dulusçuluq sənətinin təşəkkülü ilə əlaqədar saxsı qabların hazırlanması zamanı kol və ağac bitkilərinin böyük həcmdə yandırılması tətbiq edilir.

Şöbə əməkdaşları, həmçinin AMEA-nın Botanika İnstitutunun, eləcə də Geologiya və Geofizika İnstitutunun mütəxəssisləri ilə birgə bir sıra digər elm sahələri üçün də perspektivli istiqamət sayılan palinoloji metod vasitəsilə bitkilərin sistemləşdirilməsi üçün müqayisəli-palinomorfoloji tədqiqatlar aparırlar. Bu istiqamətdə birgə multidissiplinar tədqiqat “Boraginaceae” ailəsindən olan “Nonea” cinsinin tozcuqlarının skanlı elektron mikroskopunda öyrənilməsi məqsədilə aparılıb. Tədqiqatın məqsədi tozcuqların yeni mikromorfoloji əlamətlərinin aşkar edilməsi və Azərbaycan florasının bəzi nümunələrinə “növ” statusunun verilməsidir. Bu barədə “Elsevier” beynəlxalq nəşr evinin nüfuzlu “Review of Palaeobotany and Palynology” jurnalına məqalə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.