ELM VƏ TƏHSİL


Coğrafıya İnstitutunun alimi mühüm sənədə imza atıb

Bakı, 12 may, AZƏRTAC

Azərbaycan və Rusiya alimləri Xəzərin tədqiqatları sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. Sənəd Moskvada Xəzər Dialoqu Beynəlxalq Assambleyası çərçivəsində imzalanıb.

Bu barədə AZƏRTAC-a AMEA-nın Coğrafiya İnstitutundan məlumat verilib. Bildirilib ki, tərəflər Rusiya, Azərbaycan və Xəzər regionunun digər ölkələrində yerləşən maraqlı təşkilatlar arasında elmi, texnoloji, innovasiya və təhsil, birgə tədqiqatlar, iqlim dəyişikliyi və Xəzər dənizinin səviyyəsinin öyrənilməsi, Rusiya Federasiyası və Azərbaycan sularında Xəzərin ekoloji monitorinqi sahələrində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı fəaliyyəti gücləndirmək niyyətindədirlər. Onlar, həmçinin ekoloji və biznes missiyalarının təşkili və həyata keçirilməsində bir-birinə kömək göstərməyə, məlumat, arayış və analitik materialların mübadiləsinə hazır olduqlarını bildirirlər. Sənəddə, həmçinin qeyd olunur ki, “hər bir tərəf iştirakının dayandırılmasına azı 30 gün qalmış digərinə yazılı bildiriş göndərməklə müqaviləni ləğv edə bilər”. Bununla belə, qərar əvvəllər planlaşdırılan fəaliyyətlərə təsir etməyəcək.

Sazişin həyata keçirilməsi üçün mütəmadi olaraq məsləhətləşmələrin aparılması, ekspert qruplarının yaradılması və onların tərkibinə Xəzər dənizinin ölkələrindən geniş spektrli qurumların dəvət edilməsi, həmçinin informasiya və analitik materialların buraxılması, elmi və texnoloji əməkdaşlıq məsələlərinə həsr olunmuş internet resurslarının və çap nəşrlərinin inkişafı nəzərdə tutulur.

Sənədi Xəzər Elm və İnnovasiyalar Şurasının Rəyasət Heyətinin sədri Viktor Kalyujnı, Xəzər Dənizində Texnologiyaların İnkişafına və Elmi Əməkdaşlığa Dəstək Xəzər Assosiasiyasının Elm və İnnovasiyalar üzrə prezidenti Vladimir Şuin və Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun baş direktorunu təmsil edən Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmrani imzalayıblar.

Bununla əlaqədar Zaur İmrani Rusiyanın TASS informasiya agentliyinin müxbirinə müsahibə verib. O bildirib ki, Aşqabad və Bakı Xəzərin dibi ilə Türkmənistan sahilindən Azərbaycana qaz kəmərinin çəkilməsi imkanlarını çoxdan bəri nəzərdən keçirirlər. Türkmənistandan Azərbaycana Transxəzər qaz kəmərinin tikintisi üzrə dondurulmuş layihə enerji resurslarının daha sonra Avropaya tranziti ilə bərpa oluna bilər. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada qeyd olunur ki, bu cür layihələr yalnız ərazi sularından kəmərin keçəcəyi ölkələr arasında razılaşdırılmalıdır.

Sənədin imzalanmasından sonra bir sıra KİV nümayəndələri sazişin layihəyə yaşıl işıq yandırdığını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.