ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutunun əməkdaşı beynəlxalq yay məktəbində iştirak edib
Bakı, 5 oktyabr, AZƏRTAC
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi şöbəsinin elmi işçisi Nicat İmamverdiyev Türkiyə Elmlər Akademiyasının (TÜBA) yay məktəbində iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Əsas elmlər və akademik həyatın tələbləri” adlı layihə çərçivəsində İstanbulda təşkil olunan yay məktəbində Türkiyə, Azərbaycan, Pakistan, Əlcəzair, Moldova, Albaniya və s. olmaqla, 15 ölkədən 25 iştirakçı iştirak edib. Mövzu ətrafında gedən çıxış və müzakirələr İstanbul şəhərində olsa da, təcrübi dərslər Kocaelidə, TÜBİTAK Mərmərə Araşdırma Mərkəzində aparılıb. Burada müştəriyönümlü yanaşma ilə dövlət, müdafiə və özəl sektor müəssisələrinə və akademik qurumlara unikal həllər təklif olunur. Mərkəzdə əsas və tətbiqi tədqiqatlar və təkmilləşdirmələr, texnologiya transferi, innovasiyalar, sistem və obyektlərin yaradılması, milli standartların və normaların müəyyən edilməsi, peşəkar məsləhət və təlimlər həyata keçirilir.
Yay məktəbində dərslər TÜBA-nın prezidenti professor Muzaffer Şeker və akademiyanın digər əməkdaşları, İstanbul, Sent-Luis Vaşinqton və Stanford Universitetlərinin müəllimləri tərəfindən keçirilib.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.