ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutunun əməkdaşı məktəblilərlə görüşüb
Bakı, 26 oktyabr, AZƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov İnstitutun himayəsində olan Suraxanı rayonunun Bülbülə qəsəbəsinin 232 nömrəli məktəbində qonaq olub. Mütəmadi olaraq məktəblilərlə görüşən elmi işçi bu dəfə “Sağlam nəsil, sağlam cəmiyyət deməkdir!” mövzusunda keçirilən dəyirmi masada iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, E.Bədəlov məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya”nın işləri ilə yaxından tanış olub, tədqiqat işləri ilə əlaqədar şagirdlərə dəyərli tövsiyələr verib. Dəyirmi masada “Demoqrafiya” mövzusunda məruzə ilə çıxış edən alim Qarabağın əhalisi haqqında maraqlı faktlar söyləyib, son 2 ildə davam edən pandemiya şəraitində ölkədə və dünyada hökm sürən etnodemoqrafik vəziyyət haqqında gənclərə geniş məlumat verib. O, müharibədən əvvəl və sonrakı dövrdə Qarabağda gedən demoqrafik proseslərdən bəhs edib, Bülbülə qəsəbəsində salınmış “Şuşa şəhərciyi”nin sakinləri ilə olan görüşlərindən söhbət açıb.