ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutunun rəhbəri Özbəkistan Elmlər Akademiyasının prezidenti ilə görüşüb
Bakı, 28 iyun, AZƏRTAC
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru, dosent Zakir Eminov, institutun Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani Daşkənd şəhərində keçirilən 7-ci Beynəlxalq EMI - Sahibkarlıq və Sosial Elmlər Konqresi çərçivəsində Özbəkistan Elmlər Akademiyasının prezidenti akademik Bexzod Yuldaşev və baş elmi katib Qayrat Baxadirovla görüşüblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tərəflər birgə elmi əməkdaşlıq məsələlərini müzakirə edib, qarşılıqlı fikir mübadiləsi aparıblar.
Zakir Eminov Coğrafiya İnstitutunun alimlərinin hazırladığı “Türk dünyası coğrafiyası və etnosu” üçcildliyi haqqında məlumat verib və kitabın rus dilində çap olunmuş I və II cildlərini Akademiyanın prezidentinə təqdim edib.