Coğrafiya İnstitutunun yeni nəşrləri
AzerTAg.az
Bakı, 8 sentyabr, AZƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun iki yeni kitabı çapdan çıxıb.
“Azərbaycan coğrafiyası: formalaşma mərhələləri, inkişafının prioritet istiqamətləri” kitabının müəllifi Coğrafi fikir tarixi şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Abil Haqverdiyev, elmi redaktoru akademik Ramiz Məmmədovdur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda ilk dəfə kompleks şəkildə ölkəmizdə coğrafiya elminin inkişaf tarixinə, formalaşma mərhələlərinə və müasir tədqiqat istiqamətinə dair elmi fikirlər və təcrübi nəticələr dövrlər üzrə təhlil olunub. Təhlillər Azərbaycan coğrafiya elminin inkişaf tarixinə dair çoxillik tədqiqatlar əsasında aparılıb. Nəşrdə, həmçinin Azərbaycanda coğrafiya elmi məktəbinin baniləri haqqında geniş məlumat verilib. Monoqrafiya tədqiqatçı alimlər, tələbələr və geniş ictimaiyyət nümayəndələri üçün nəzərdə tutulub.
“Azərbaycanın tanınmış coğrafiyaçı-iqlimşünas alimləri” monoqrafiyasının müəllifləri institutun şöbə müdirləri, coğrafiya üzrə fəlsəfə doktorları Abil Haqverdiyev və Xəyyam Rəhimovdur.
Kitabda Azərbaycanda coğrafiya elminin, o cümlədən iqlimşünaslıq elminin əsasını qoymuş görkəmli tədqiqatçı, professor İvan Fiqurovskinin, ölkəmizdə istilik balansının tədqiqatçısı və atlasın müəllifi Ənvər Şıxlinskinin, Azərbaycanda meteoroloji-sinoptik proseslərin elmi-metodoloji əsasını qoymuş və onların genetik təsnifatını işləyib hazırlamış professor Əliabbas Mədətzadənin və kompleks iqlimşünaslığın və aqroiqlimşünaslığın inkişafında böyük xidmətləri olmuş professor Əsgər Əyyubovun həyat və yaradıcılıqları, elmi-metodoloji konsepsiyaları, fikir və ideyaları öz əksini tapıb.


Xəbərin mətnində orfoqrafik səhv var