ELM VƏ TƏHSİL
Coğrafiya və riyaziyyat fənləri üzrə elmi-metodiki seminarlar keçirilmişdir
Bakı, 22 fevral (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) coğrafiya və riyaziyyat fənləri üzrə elmi-metodiki seminarlar keçirilmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, coğrafiya fənni üzrə seminarda ümumi təhsilin fənn standartları (məzmun xətləri üzrə əsas və alt-standartlar) müzakirə olunmuşdur.
Riyaziyyat fənni üzrə dərslik və metodik vəsaitin elmi-metodiki monitorinqi ilə bağlı seminarda ümumtəhsil məktəblərinin VII sinifləri üçün “Cəbr” dərsliyinin müzakirəsi aparılmışdır.
Dərslik məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilmişdir.
Müzakirədə Təhsil Nazirliyinin əməkdaşı Vüsalə Həsənova, dərslik müəlliflərindən Məmməd Yaqubov iştirak etmişlər.
Seminarlarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələrinin müvafiq fənn müəllimləri internet vasitəsilə fikirlərini bildirmiş, təkliflərini vermişlər.