ELM VƏ TƏHSİL
Coğrafiyaçı alim səhralaşma ilə bağlı fikirlərini bölüşüb
Bakı, 22 iyun, AZƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, dosent Mirnuh İsmayılov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın icrası ilə bağlı keçirilmiş görüşdə iştirak edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən M.İsmayılov Azərbaycanda səhralaşmanın tədqiqi məqsədilə seçilmiş inzibati rayonların tam xarakterik əraziləri əhatə etmədiyini diqqətə çatdırıb. O qeyd edib ki, bu rayonların seçilməsində müəyyən düzəlişlər aparılmalıdır. Qəbələnin əvəzinə Şəki rayonunun seçilməsinin daha məqsədəuyğun olduğunu diqqətə çəkən alim, eyni zamanda, Ağstafa və Naxçıvanın Culfa rayonlarının öyrənilməsini məsləhət görüb.
M.İsmayılov dünyada aktual olan iqlim dəyişmələri ilə bağlı səhralaşmanın genişlənməsinin təbii və antropogen amilləri və onların bu prosesin inkişafında roluna dair ətraflı məlumat verib.