ELM VƏ TƏHSİL
Coğrafiyaçı alim səhralaşma problemlərinə aydınlıq gətirib
Bakı, 24 iyun, AZƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Kür-Araz ovalığında çöl-tədqiqat işləri aparılır.
İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov AZƏRTAC-a açıqlamasında tədqiqat işlərinin nəticələrindən danışıb. O bildirib ki, dünyada qlobal problemə çevrilmiş, Yer üzünün dörddəbirini əhatə edən və 110 ölkədə müşahidə olunan səhralaşma prosesi Azərbaycan alimlərini düşündürən məsələlərdəndir. Ölkəmizin ərazisinin 60 faizi səhralaşmaya meyilli subtropik ərazilərdən ibarətdir ki, Kür-Araz ovalığında yerləşən Mil düzü səhralaşma prosesinin ən intensiv getdiyi sahələrdəndir. Daha çox kənd təsərrüfatında istifadə edilən ərazi olmasına rəğmən, burada həm su ehtiyatları azdır, həm də temperatur yüksəkdir. Mil düzündə yaranan qum təpələrinin gələcəkdə artması torpaqlarımızın daha tez sıradan çıxması ilə nəticələnə bilər.
Azərbaycanın 10 milyondan ibarət əhalisinin 6 milyonu şoranlaşmaya və səhralaşmaya qismən məruz qalan ərazilərdə məskunlaşıb. Ona görə də meşələrin qayğısına qalınmalı, bərpa işləri aparılmalıdır, çünki meşələrin qorunması torpaqlar ilə yanaşı, həm də su ehtiyatlarının qorunması deməkdir.