ELM VƏ TƏHSİL
Coğrafiyaçı alimin məruzəsi beynəlxalq konfransda maraqla qarşılanıb
Bakı, 23 noyabr, AZƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov Moskvada Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun keçirdiyi “Yerin kosmosdan məsafədən zondlanmasının müasir problemləri” adlı on doqquzuncu beynəlxalq konfransa qatılıb.
Coğrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, Rusiya Təhsil Nazirliyi, “Planeta” Elmi Tədqiqat Mərkəzi, “Rusiya Kosmik Sistemləri” şirkəti, “Roshidromet” və “Roskosmos”un təşkilatçılığı ilə keçirilən konfrans ətraf mühitin, potensial təhlükəli hadisələrin və obyektlərin monitorinqinin fiziki əsasları, üsulları və texnologiyalarının tədqiqinə həsr olunub.
Onlayn formatda konfransa qoşulan azərbaycanlı alim “Azərbaycan ərazisində radioaktiv yağıntıların aşkar edilməsi zamanı aşağı orbitli peyklərin rolu” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, atom elektrik stansiyalarında baş verə biləcək qəzalar zamanı bölünməz hissəciklər şəklində ətraf mühitə böyük miqdarda radioaktiv maddələr buraxılır. Həmin maddələr sonradan uzaq məsafələrə yayılaraq radioaktiv tullantılar şəklində qonşu dövlətlərin ərazisinə düşür. Bu ərazilərdə yağıntıların əmələ gəlməsi, ilk növbədə, rütubətin miqdarı, havanın nisbi rütubəti, onun qalxma şəraiti və müxtəlif mənşəli hava kütlələrində buxarlanma ilə müəyyən edilir ki, bu da sirkulyasiya zamanı potensial olaraq çöküntüyə çevrilir.
Coğrafiyaçı alim yerin uzaqdan zondlanmasının müasir üsul və vasitələrindən istifadə etməklə ətraf mühitin radioaktiv çöküntülərlə çirklənməsinin operativ monitorinqini aparmağın lazımlığını diqqətə çatdırıb və bunun tədqiqatın əsası olaraq sintetik aperturadan istifadə etməklə aşağı orbitli peyklərin vasitəsilə radioaktiv tullantıların aşkarlanmasının tərkib hissəsi olduğunu vurğulayıb.
Məruzə dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.