ELM VƏ TƏHSİL
Coğrafiyaçı mütəxəssislər beynəlxalq gənclər forumunda çıxış ediblər
Bakı, 25 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - Xəzər dənizinin monitorinqi şöbəsinin aparıcı elmi işçisi texnika elmləri üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov və Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin elmi işçisi Emil Cəbrayılov Qazaxıstanın Almatı şəhərində keçirilən Beynəlxalq Gənclər Forumunda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Qazaxıstan Milli Pedaqoji Universitetinin Təbiət Elmləri və Coğrafiya İnstitutunun təşkilatçılığı ilə keçən tədbirdə İ.Zeynalov “Radiasiya təhlükəsizliyinin öyrənilməsində Azərbaycan ərazisinin iqlim-coğrafi xüsusiyyətlərinin rolu”, E.Cəbrayılov isə “İqlim dəyişikliyi şəraitində Azərbaycanda nival-qlasial ekosistemlərin dinamikası və onun gözlənilən nəticələri” mövzusunda məruzələrlə çıxış ediblər.