ELM VƏ TƏHSİL


Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyası mövzusunda müzakirə aparılıb

Bakı, 30 noyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyası” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti, Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Bursa Uludağ Universiteti (Türkiyə), Qırğızıstan Təhsil Akademiyası, Cizzax Dövlət Pedaqoji İnstitutu (Özbəkistan), Tiraspol Dövlət Universiteti (Moldova) və Təbriz Universitetinin (İran) təşkilatçılığı ilə baş tutub.

Bu barədə AZƏRTAC-a Coğrafiya İnstitutundan məlumat verilib. Bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrinin təkmilləşmə və inkişaf amillərini təhlil etmək üçün alimləri, tədqiqatçıları, dövlət və özəl sektor işçilərini bir araya gətirmək, həmçinin yeni araşdırmaları, düşüncələri bölüşmək və problemlərin həlli yollarını tapmaqdan ibarət olub.

Açılış mərasimində Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov iştirakçıları konfransın proqramı ilə tanış edib. Elmi müəssisənin rəhbəri son illər dünyada baş verən iqlim dəyişikliyi, Xəzər dənizindəki səviyyə tərəddüdləri, içməli su ehtiyatlarının qıtlığı, turizm və rekreasiya potensialının tədqiqi, ekologiya və demoqrafiya problemləri, Qarabağın coğrafiyasının dərindən öyrənilməsi kimi məsələlərin mühüm rol oynadığını diqqətə çatdırıb.

İnstitutun şöbə müdiri coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmrani çıxışında tədbirə Azərbaycan, Türkiyə, İran, Pakistan, Gürcüstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Banqladeş, Avstraliya, Moldova və Yəmən olmaqla, ümumilikdə 14 ölkədən 150-yə yaxın iştirakçının müraciət etdiyini, göndərilən məqalələrdən 102-nin konfransda məruzə edilmək üçün elmi heyət tərəfindən qəbul olunduğunu diqqətə çatdırıb.

Daha sonra Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrinin nümayəndələri çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.

İki gün davam edən konfransda coğrafiyanın, demək olar, bütün sahələrini əhatə edən mövzular üzrə 50-dən artıq məruzə dinlənilib, müzakirələr və fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda konfrans iştirakçılarına sertifikat təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.