MƏDƏNİYYƏT
Cohannesburqda “Qəbələdən Cohannesburqa. Musiqi sərhəd tanımır” adlı klassik musiqi konserti
Noyabrın 12-13-də Cənubi Afrika Respublikasının (CAR) Cohannesburq şəhərində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi və CAR-da demokratiyanın bərqərar olunmasının 20 illiyinə həsr edilən “Qəbələdən Cohannesburqa. Musiqi sərhəd tanımır” adlı, klassik musiqi konserti keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın CAR-dakı səfirliyindən məlumat verilib.
Tədbir Azərbaycan Respublikasının CAR-dakı səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi və CAR-da fəaliyyət göstərən “Azərbaycanın dostları” qeyri hökumət təşkilatının birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Azərbaycanın CAR-dakı səfiri Elxan Poluxov çıxış edərək qonaqlara ölkəmizlə bağlı geniş məlumat verərək, səfirliyin yaradılmasından ötən üç il ərzində həyat keçirilən işlər və qarşıda duran vəzifələrdən, iki dövlət arasındakı mövcud əlaqələrdən danışıb.
Bu cür tədbirlərin Azərbaycan musiqisinin Afrika xalqına daha gözəl təqdim etmək üçün yaxşı imkanlar yaratdığını deyən diplomat iştirakçıların xalqımıza məxsus klassik musiqi irsindən zövq alacaqlarına inamını ifadə edib.
Tədbirdə CAR-ın nüfuzlu iş adamlarından, İçikovitz Ailəsi Fondunun (İchicowitz Family Foundation) təsisçisi İvor İçikovitz çıxış edərək konsertin böyük tarixi əhəmiyyət daşıdığını bildirib.
O, vurğulayıb ki, CAR tarixində ilk dəfə olaraq Azərbaycan klassik musiqisindən ibarət konsertin təşkil olunması iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da genişləndirilməsinə təkan verəcəkdir.
Azərbaycanın Xalq Artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi altında Cohannesburq Filormonik Orkestrinin ifasında Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” və “Ərəb mövzusunda piano konsert”i, Qara Qarayevin “Yeddi Gözəl” baletindən süita, Soltan Hacıbəyovun “Karvan” və P.Çaykovskinin “Rokoko” mövzusunda variasiyaları solistlər Əməkdar Artist Aleksey Miltıx və Beynəlxalq müsabiqələr laureatı Səidə Tağı-zadənin iştirakı ilə ifa edilib.
Həmçinin, ilk dəfə olaraq “Linder” konsert zalında Sevda İbrahimovanın “Etiraflar” adlı əsərinin dünya premyerası baş tutub.
Gecədə CAR-da akkreditə olunmuş səfirlərin, diplomatik korpusun nümayəndələri, yüksək rütbəli dövlət məmurları, bu ölkədə yaşayan Azərbaycan və Türkiyə icması, yerli klassik musiqisevərlər və media nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları foyedə Heydər Əliyev Fondunun nəşrlərindən ibarət kitab sərgisi ilə də tanış olublar.
Konsert yerli və xarici KİV-lərdə geniş işıqlandırılıb.
Qeyd edək ki, Cohannesburq Filormonik Orkestri VI Qəbələ Musiqi Festivalında iştirak edib.