REGİONLAR
Comərd Qəssab türbəsinin ətrafı abadlaşdırılacaq
Gəncə, 13 avqust, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə Comərd Qəssab türbəsinin ətrafında abadlıq işləri aparılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə “Natəvan-2” adlanan əraziyə baxış keçirilib. Bildirilib ki, məişət tullantılarının atıldığı və baxımsız vəziyyətdə olan ərazi abadlaşdırılacaq, eləcə də Gəncəçayın məcrasındakı tikinti tullantılarının daşınması təmin olunacaq, səliqə-sahman yaradılacaq.
Həmçinin Comərd Qəssab türbəsinin memarlıq üslubunda hasarlanması barədə razılaşdırılmış layihə işlənəcək.
Sakinlərlə görüşdə onlara ətraf mühitə diqqətli olmaq və ərazinin təmiz saxlanılması tövsiyə edilib.
Qeyd edək ki, Comərd Qəssab türbəsi Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşir. Türbə XX əsrin 60-cı illərində dağıdılıb, uzun müddət uçulmuş və baxımsız vəziyyətdə qalıb. 2004-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Comərd Qəssabın məzarını və məzarüstü türbəsinin bərpa işlərinə başlanılıb. Abidənin bərpası zamanı qədim dövrün kərpiclərindən istifadə edilib.